Skip to content

Yeddinci fəsil. YOL HƏRƏKƏTİ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİNƏ NƏZARƏT

Maddə 83. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində nəzarətin həyata keçirilməsi

I. Bu Qanunun tələblərinə ciddi əməl etməklə yollarda hərəkət təhlükəsizliyinə nəzarəti yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları həyata keçirirlər.

II. Yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən stasionar və digər postlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya xüsusi texniki vasitələrin tətbiqi ilə həyata keçirilir. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır.

III. Müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını və nəqliyyat vasitələrinin alkoqol, narkotik vasitələr, psixotrop maddələrdən və onların analoqlarından və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halları müəyyənləşdirmək üzrə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər. (narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir). Belə halları müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir.

Qanunun rəsmi mətni yalnız Azərbaycan dilindədir. Mənbə: e-qanun.az, redaksiya 2026-10-26 tarixində yoxlanılıb. e-qanun.az