Skip to content

İkinci fəsil. YOL HƏRƏKƏTİ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİ VƏ AVTOMOBİL YOLLARINDAN İSTİFADƏ EDİLMƏSİ

Maddə 17. Nəqliyyat vasitələri sürücülərinin sağlamlığının qorunması və onlar üçün lazımi əmək şəraitinin yaradılması

I. Nəqliyyat vasitəsinin sürücüsünü işə götürmüş hər hansı fiziki və ya mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxs:

1) yol-nəqliyyat hadisələrindən sürücünün sığortalanmasını təşkil etməlidir;

2) sürücülərin işini Azərbaycan Respublikasının qanunvericiliyinə, əmək və istirahət rejiminə uyğun olaraq təşkil etməlidir;

3) sürücülərin əmək gərginliyinin və yorğunluğunun səviyyəsini azaltmağa yönəldilmiş lazımi tədbirlər görməlidir.

II. Sürücülərinin sayı 100 nəfər və daha çox olan nəqliyyat vasitələrinin sahibləri ixtisaslaşdırılmış tibbi idarə və sağlamlaşdırma məntəqələri, tibbi-sanitariya hissələri, poliklinika bölmələri və tibb müəssisələri yaradırlar. Sürücülərinin sayı 100-dən az olan nəqliyyat vasitələrinin sahibləri isə, onlara tibbi xidmət göstərilməsi üçün ərazi tibb müəssisələri ilə müqavilələr bağlayırlar.

Qanunun rəsmi mətni yalnız Azərbaycan dilindədir. Mənbə: e-qanun.az, redaksiya 2026-10-26 tarixində yoxlanılıb. e-qanun.az